1990-cı illərdə Sovet ittifaqının dağılmasından sonra bir çox keçmiş sovet ölkələrindən olduğu kimi Azərbaycandan da Avropaya, ABŞ və digər inkişaf etmiş ölkələrə azərbaycanlıların immiqrasıyası baş vermişdir. Biz Azərbaycanlılar, sayımız az olsa da, yaşadığımız ölkələrin cəmiyyətlərinin formalaşmasında öz təsirimizi göstərmiş və artıq bəzi ölkələrdə sayılacaq dərəcədə qüvvəyə sahib olmağa başlamışıq.
Azərbaycanlıların ortaq şəbəkəsi olmağı hədəf götürən AzeriNetwork-un qurulmasına təkan verən qığılcım 2020-ci ildə ikinci Qarabağ müharibəsi dövründə həmvətənlərimizin dünyanın müxtəlif yerlərindən ayağa qalxaraq, vətənimizə göstərdiyi dəstək, azərbaycanlı kimliyinin qanımızda, canımızda yaşadığını görmək olmuşdur. Bu kimliyi qorumaq və daha da gücləndirmək AzeriNetwork-un başlıca məqsədidir.
Biz AzeriNetwork olaraq, dünyəvi və sosial rifah naminə çalışmaq və plüralist, azad-demokratik bir cəmiyyətin üzvü olan həmvətənlərimizin yaşadıqları cəmiyyətdə inkişafına kömək etmək məqsədi ilə çalışırıq.
Biz Azərbaycandan kənarda yaşayırıq və bura bizim yaşayış yerimizdir, ancaq vətənimiz Azərbaycan ilə ayrılmaz bağlarımız var. Azərbaycanın, vətəndə və vətəndən kənarda yaşayan azərbaycanlıların mənfəətləri üçün, birliyi üçün çalışmaq məsuliyyətini dərk edir və bu işin çətinliyinin fərqindəyik.
Biz hər cür ayrı seçkiliyə, dini, siyasi, etnik, milli və digər səbəblərdən asılı olmayaraq hər hansı qruplara qarşı düşmənçiliyə və institusional və struktur irqçiliyinə qarşıyıq. Yaşadığımız ölkələrin sosial həyatında iştirakda hüquq bərabərliyi uğrunda həmvətənlərimizin mövqeyini dəstəkləmək, cəmiyyətdə yerimizi qazanmaq yolunda mübarizəmizi gücləndirmək üçün “Birlikdə güclüyük” strategiyası üzrə irəliləmək niyyətindəyik.
MÜXTƏLİFLİK normal hesab etdiyimiz bir şeydir. Biz, AzeriNetwork olaraq fərqli düşüncə və baxışlı şəxslər, qeyri-hökumət təşkilatları və rəsmi qurumlarla, həm də fondlar və partiyalarla dialoq qurmağı, bir dialoq platforması olmağı üstünlük kimi görürük.
Cəmiyyəti birlikdə formalaşdıran və istiqamətləndirənlərdən olaraq, biz azərbaycanlıların yaşadıqları cəmiyyətin bütün sahələrində imkan bərabərliyinə kömək etməyi hədəf seçmişik. Şəbəkə daxilində və xaricində olan həmvətənlərimizin hüquqlarının qorunması, onların inkişafına dəstək verilməsi və səslərinin eşidilməsi üçün bütün imkanlarımızdan istifadə etmək niyyətindəyik.
Qarşılıqlı hörmət, dəstək, dəyər və AZƏRBAYCANÇILIQ bizim ortaq mədəniyyətimizin və gələcəyi birlikdə formalaşdırmaq səylərimizin təməl daşları olmalıdır. Bir-birimizin fərqli düşüncə və baxışlarına hörmət etməli və bu dəyərləri öz aramızda yaşadaraq, birləşməli, bir-birimizə dəstək verməli və daha güclü olmalıyıq.
Xoş və anlayışlı müzakirə ümumi mədəniyyətimizin dəyərli bir hissəsi olaraq, öz fikrini zorakı şəkildə digərinə qəbul etdirməmə yanaşmasına əsaslanır. Bu yanaşma həmçinin zəngin mədəniyyətimizin xüsusi dəyərlərindən olan bərabərlik, xoş davranış, hörmət kimi anlayışlarının qorunmasına və təbliğinə imkan yaradır. Gənclərin və uşaqların bu tərzdə tərbiyəsi gələcəyimiz üçün əvəzolunmazdır. Şəbəkəmizin moderatorları bu nəticəyə nail olmaq üçün əllərindən gələni etməkdədirlər.
Qadınlarımız bizim fərəh mənbəyimiz, namus və qeyrət nümunəsidir. Onları dəstəkləmək, xüsusən də vətəndən kənarda, AZƏRBAYCANLI QADINA kömək etmək, özünü tək hiss etməməyə şərait yaratmaq bizim üçün borc və yalnız əsl AZƏRBAYCANLI KİŞİSİNİN hiss edə biləcəyi bir qürur və dəyərdir.
Məqsədimiz azərbaycanlıların öz yaşadıqları ölkələrin cəmiyyətinin bütün sahələrində ictimai, siyasi və maliyyə cəhətdən güclü mövqeyə malik olmasına dəstək vermək, buna texniki imkanlardan istifadə edərək şərait yaratmaq, azərbaycanlıların bir-birinə kömək etməsi, xeyir verməsi və birləşməsi üçün bir ortaq ünsiyyət platformasına çevrilməkdir.
AzeriNetwork Avstriyada yaşayan azərbaycanlılar tərəfindən 2020-ci ildə yaradılmış, Avropa və ABŞ-da yaşayan azərbaycanlı gənclər tərəfindən moderasiya olunur.
Əlaqə saxlamaq və əməkdaşlıq etmək üçün xahiş edirik Bizimlə Əlaqə formasından istifadə edərək müraciətinizi bizə yollayın.
Hər zaman yanınızdayıq!